Kolya, salam! Canım-gözüm, bir yaz görüm, necəsən? Şərik çıxan tapılırmı orada dərd-sərinə?.. Qorxuram ki, qayıdanda vəzifəyə keçəsən, Heç məni də qoymayasan daha adam yerinə. Sən gedən gün çığırtıma yığışdı qız-gəlinlər; Ovundurub, qurutdular gözlərimin yaşını. Darıxmayım deyə bizə dostların da gəlirlər, Piyləmək də istəyərlər bəziləri başımı. Biri elə kirvən Paşka - gorbagorun balası!.. Elə sırtıq görməmişəm indiyəcən yaşımda. Hər gün gəlib az qalır ki, əllərimi yalasın - Ha qovuram, şırvalanır yenə böyür-başımda. Danışdıqca görürəm ki, biclik yağır gözündən: «Sizin öküz - deyir, - orda qızıl medal alıbdır». Eh, öküzə çox baş qoşma, muğayat ol özündən; Daha səni düşünməkdən yarı canım qalıbdır. Hər yetənə üz göstərmə, heç kəsə bel bağlama. Hə, yadımdan çıxmışdı lap! - Aqronomla barışdıq. Qara-qura fikri-zadı gətirmə ha, ağlına! - Biz onunla bütün günü ancaq səndən danışdıq. Kəndimizə bu günlərdə bir qulluqçu gəlmişdi; Yox! Abırlı kişi idi - unutmuşam adını. Səndən söhbət düşən zaman gülüb mənə demişdi: -Yaz ki, yoldan çıxarmasın onu küçə qadını. İçki içib korlama ha, olub-qalan pulunu! Eh, nə qədər istəyirsən evimizdə gəlib iç. Aqronoma-zada bir quş, gözləyirəm yolunu; Sənin kəsik dırnağına dəyişmərəm onu heç. Yağan kimi daha damır ambarın da damından, Yalqızlığın ucbatından tez-tez qaşım çatılır. əşi, evə tez qayıtmaq çıxmasın ha, yadından! Bir də mənə bir yaz görüm, - orada nə satılır?!
© Namizəd Xalidoğlu. Tərcümə, 2007