Ağır yükü götürərək boynuma, Ayıq-sayıq dayanmışdım qapıda. Hamı o gün mat qalmışdı oynuma; Qaytarırdım ən ümidsiz topu da. Rəqiblərə veriləndə penalti Reportyorlar yoxa çıxdı arxamdan. Aparatı mənə sarı yönəldib, Amma biri əl çəkmirdi yaxamdan. Topu aldım hücumçunun başından; Yerə-göyə sığışmırdı ədası. "Qol keçirmək istəyirdin Yaşindən? - Belə toplar keçməz məndən, qadası".       Tuta-tuta neçəsinin topunu Rəqiblərin sinəsinə dağ çəkdim. Mən beləcə qoruduqca qapını - Reportyor hirslənərək "ah" çəkdi. Dilləndi ki: "At tərsliyin daşını; Bu oyunu bütün dünya izləyir. Kim çəkərsə qol buraxan Yaşini Bilirsənmi, onu nələr gözləyir?!" Dinmədikcə çıxarırdı ağını... Yenə zərbə!.. Yox, vaxtmda atıldım. "Yedin axı, iirəyimin yağını; Oğlan yenə şəkilimi batırdın".       "Əziz yoldaş, ah-zad çəkmə, bura bax! - Ağır sözlər çıxa bilər dilimdən. Necə yəni, bircə dənə qol burax?! Qol buraxmaq gəlmir mənim əlimdən..." İstədi ki, mənlə bir az gənəşə; Yaxınlaşıb sığalladı kəklimi. "Söz verirəm, bir qol burax, həmişə Müftə çəkim nəslinizin şəklini. Eşit məni, bax, o topu ta tutma". "Qol buraxsam, - qollarımı qıraram!" "Yalvarıram, xahişimi unutma! - Ömrüm boyu qulluğunda duraram..."       "Qol buraxsam, ayaqlanar şərəfım; Ayrı yerdə gedib axtar tayını..." Dostlarımı səslədim ki, hərifın Birdəfəlik versinlər qoy, payını! "Bir qoldur da! - Buraxmırsan, buraxma; Bundan ötrü gərək hay-küy salasan?! Amma mənim təklifimə pis baxma! - İstəyirəm, yaddaşlarda qalasan". Külək əsdi, top qəfildən buruldu, - Qol buraxdım lap oyunun sonunda. Reportyorun kefi-zadı duruldu; Daha işi düzəlmişdi onun da.       Reportyor bağışlayan fotoya Baxan kimi, rəngim-rufum saralır. Evimizdə sükut çökür ortaya, O andaca qanımız da qaralır. Gecələr də yuxum göyə çəkilir, Özümün də zəhləm gedir özümdən. Eh, minlərlə, milyonlarla şəkilim O zamandan tamam düşüb gözümdən. Dilə tutub, qata-qata başını Bax, beləcə sındırdılar Yaşini... Innən belə neçə-neçə top tutam, Yox, atsam da lap futbolun daşını Ağlım kəsmir, o şəkili unudam...    
© Namizəd Xalidoğlu. Tərcümə, ?